DÜNYA
“Mastercard”: smartfon ən sevimli cihaza çevrilir
Bakı, 28 oktyabr, AZƏRTAC
“Mastercard” şirkətinin innovasiyaların təsiri haqqında apardığı tədqiqat bütün sahələrdə rəqəmsal texnologiyaların getdikcə artan rolunu ortaya çıxarıb.
Şirkətin yaydığı məlumata görə, araşdırmada Avropa, Afrika və Yaxın Şərqin 23 ölkəsindən rəqəmsal texnologiyalara münasibətini bildirən 23 min istehlakçı iştirak edib. Araşdırmanın məqsədi 23 ölkədə rəqəmsal texnologiyalardan istifadənin səviyyəsini, istifadəçilərin vərdiş və davranışlarını öyrənməkdən ibarət idi. Tədqiqata rəqəmsal texnologiyalardan istifadə əsasında müxtəlif istehlakçı qrupların müəyyənləşdirilməsi və müxtəlif ölkələrin istehlakçılarının müqayisəsinin aparılması daxil olub.
Tədqiqata əsasən, istehlakçıların 90 faizindən çoxu smartfonları digər cihazlardan daha çox istifadə etdiklərini bildirib. Məlum olub ki, istehlakçılar ödəmələr zamanı barmaq izi kimi biometrik məlumatlardan istifadəni, PIN-kodlarla edilən ödənişlərdən üstün tuturlar.
Afrika və Orta Şərq regionunda yaşayan insanların 70 faizi smartfonlarla ödəniş etməyə razı olduqlarını bildirdiyi halda, bu fikirlə Qərbi Avropadan olan respondentlərin yalnız 38 faizi razılaşıb. Buna baxmayaraq, bütün regionlardan olan istehlakçılar ödənişlərin yeni yolları haqqında soruşulduqda, plastik kartlara alternativ olaraq smartfonları göstəriblər. Regionlar üzrə 92 faiz istehlakçı isə rəqəmsal innovasiyaların perspektivinə və gələcəkdə müsbət təsirinə inanırlar. Respondentlərin sadəcə 8 faizi rəqəmsal texnologiyaların mənfi təsirə malik olduğu fikrindədir.
Tədqiqatın nəticələrinə əsasən, texnoloji olaraq daha az inkişaf etmiş ölkələrdə yaşayan istehlakçılar rəqəmsal innovasiyaları qabaqcıl texnoloji ölkələrdə yaşayan insanlarla müqayisədə daha müsbət qarşılayır. Qərbi Avropada isə rəqəmsal dəyişikliyə qarşı olan insanların sayı daha çoxdur. Aktiv şəkildə yeni texnologiyaları qarşılamağa hazır olanların sayına görə ən yüksək sıralarda Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Yaxın Şərq və Afrika dayanır. Rusiya, Türkiyə və Ukraynada sorğuda iştirak edənlərin 27 faizi özlərini yeni texnologiyanın dəstəkçiləri adlandırır. Mərkəzi Asiya və Afrikada isə insanlar həyatlarının bütün sahələrində daha çox innovasiyaya ehtiyac duyduğunu bildirib.