ELM VƏ TƏHSİL
Maxta qədim yaşayış yerində arxeoloji tədqiqatlar davam etdiriləcək
Bakı, 6 iyul, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Maxta qədim yaşayış yerində iyulun 20-dən tədqiqatları davam etdirəcək.
Bu barədə AZƏRTAC-a institutun sektor müdiri, ekspedisiyanın rəhbəri Səfər Aşurov eksklüziv müsahibəsində məlumat verib. Alim qeyd edib ki, bizim eradan əvvəl IV-III minilliklərə aid olan bu abidədə aparılan tədqiqatlar nəticəsində mədəni təbəqə öyrənilir. Burada erkən tunc dövrünə aid tikinti qalıqları, İbadət evi, keramika materialları və digər müxtəlif maddi mədəniyyət nümunələri aşkarlanıb.
Maxta qədim yaşayış yerində aparılan tədqiqatlar erkən tunc dövrünün bütün mərhələlərini izləməyə imkan yaradır.