CƏMİYYƏT


May ayında “Elektron hökumət” portalına müraciətlərin 34,4 faizi nazirliyin e-xidmətlərinə aid olub

Bakı, 2 iyun, AZƏRTAC

Cari ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 745 min 298 müraciət qeydə alınıb ki, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 34,4 faizini təşkil edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, son illərdə aparılan ardıcıl islahatlar nəticəsində ölkəmizdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrinin avtomatlaşdırılmış infrastrukturunun qurulması bu sahələr üzrə müasir və səmərəli idarəçilik mexanizminin formalaşmasına, əhali ilə iş sektorlarında məmur-vətəndaş kontaktlarının aradan qalxmasına və şəffaflığın təminatına şərait yaradıb. Hazırda vətəndaşlar pensiya və sosial sığorta münasibətləri, əmək münasibətlərinin rəsmi qeydiyyatı, sosial yardımla bağlı müraciət edilməsi, əlilliyin qiymətləndirilməsi və s. məsələlərlə bağlı elektron xidmətlərdən real vaxt rejimində tam şəffaf şəraitdə faydalanırlar. Eyni zamanda əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə, doğuma, uşağın anadan olmasına və s. səbəblərə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması, iş yerinə dair arayışın əldə edilməsi, pensiya və müavinətlərin hesablanması və s. üzrə e-xidmətlər əhalinin istifadəsindədir.

Əhali üçün aktual iş sahələrini əhatə edən bu e-xidmətlər eyni zamanda geniş istifadəçi kontingenti ilə seçilirlər. Bu gün “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və s. e-xidmətlər vətəndaşların daha çox müraciət etdikləri e-xidmətlər sırasındadırlar.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti fəaliyyət göstərir ki, həmin e-xidmətlərə cari ilin yanvar-may aylarında 4 milyon 577 min 511 müraciət qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.