İQTİSADİYYAT


May ayında Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair sammit keçiriləcək

A+ A

Pekin, 19 yanvar, AZƏRTAC

May ayında Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair sammit keçiriləcək.

AZƏRTAC bildirir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin bu barədə Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı məlumat verib.

Həmin sammitin məqsədi sözügedən strategiya çərçivəsində gələcək əməkdaşlıq üçün platforma yaradılması və əməkdaşlıq planlarının birgə müzakirə edilməsidir. Forumda qlobal və regional iqtisadiyyat məsələlərinin həllinin axtarışı və strategiyanın reallaşdırılmasının sürətləndirilməsi gözlənilir.

Çin “Bir kəmər - bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Avrasiya ölkələri arasında qarşılıqlı əlaqələrin nizamlanmasına və müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa göndərilməsi üçün ticarət dəhlizi yaradılmasından gedir.

Azərbaycan “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu iqtisadi kəməri” yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.