İQTİSADİYYAT


Mayda OPEC-in neft hasilatı artıb

Bakı, 13 iyun, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft istehsalı may ayında aprelə nisbətdə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft hasilatı mayda əvvəlki aya görə gündəlik 336 min barrel artaraq 32 milyon 140 min barrel olub. OPEC-in istehsalının artırması ilə mayda kartelin qlobal neft istehsalındakı payı 33,6 faiz təşkil edib.

Ötən ay OPEC üzrə xam neft hasilatı ən çox Liviya, Nigeriya və İraqda artıb, ən böyük azalma isə Anqola və Birləşmiş Ərəb Əmirliklərində olub. Liviyada gündəlik neft hasilatı mayda əvvəlki aya görə 178 min barrel artıb. Nigeriyada gündəlik hasilat 174 min, İraqda isə 44 min barrel yüksəlib.

OPEC-in ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında isə mayda neft hasilatı gündəlik 2 min barrel artaraq 9 milyon 940 min barrel olub. Anqolada gündəlik hasilat 54 min barrel, Birləşmiş Ərəb Əmirliklərində isə 18 min barrel azalıb.

Xatırladaq ki, 2001-ci ildən indiyədək ilk dəfə ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu saziş cari ilin iyul ayının 1-dək qüvvədə idi. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.