İQTİSADİYYAT
Maydan etibarən avtobus və dövlət qurumlarının sürücüləri xüsusi təlimlərə cəlb olunacaq
Bakı, 29 mart, Elvin Camalov, AZƏRTAC
May ayından etibarən Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobus və dövlət qurumlarının sürücüləri xüsusi təlimlərə cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.
O bildirib ki, may ayından etibarən bütün sərnişin daşıyıcılarının sürücüləri Bakı Nəqliyyat Agentliyinin tərkibində yaradılmış Sürücü Təlim Mərkəzində təlimlərə cəlb olunacaq. Hazırda bu təlimlərə İslam Həmrəyliyi Oyunları zamanı xidmət göstərəcək sürücülər cəlb olunub. Ancaq may ayından etibarən bütün sürücülər cəlb olunacaq.
V.Kərimlinin sözlərinə görə, xüsusi təlim kurslarını bitirməyən sürücülər sükan arxasına buraxılmayacaq. Sürücünün stajı burada əhəmiyyət daşımır. Əsas olan sürücülərin təlim proqramından uğurla keçməsidir.
Baş direktor qeyd edib ki, növbəti mərhələdə təlim kurslarına dövlət qurumları və xüsusi xidmət orqanlarının sürücüləri də cəlb ediləcək. Burada Avropa standartlarına cavab verən kurslar olacaq. Kurslara yağışlı, buzlu yolda, ekstremal vəziyyətdə avtobusun idarə edilməsi və sair aiddir.