ELM VƏ TƏHSİL
Mayın 26-dan müəllimlərin yerdəyişməsi prosesinə başlanılır
Bakı, 26 may, AZƏRTAC
Müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və müsahibə aparılmayacaq. Bu yalnız proqram təminatı vasitəsilə həyata keçiriləcək. Müddətsiz əmək müqaviləsi ilə çalışanlar və iş yerini dəyişmək istəyən müəllimlər miq.edu.gov.az saytında proqram təminatına daxil olmaqla qeydiyyatdan keçəcəklər. Onlar şəxsi məlumatları ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu mayın 26-da jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.
E.Bağırov qeyd edib ki, qaydalar Azərbaycanda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində dəyişdirməsinə də imkan verir. Bu zaman müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınacaq.
Yerdəyişmə prosesi mayın 26-dan iyunun 15-dək həyata keçiriləcək.