İQTİSADİYYAT


Mayın 30-dan güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq

Bakı, 25 may, AZƏRTAC 

Mayın 30-dan etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə təsdiq edilib.

Ölkə başçısının “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılıb.

“Güzəştli mənzil” elektron sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, habelə elektron kabinetin yaradılmasını təmin edir.

Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına mayın 30-dan etibarən başlanılacaq. Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az “internet-saytları”nın ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.

Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminə gücləndirilmiş elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir.

Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin qəbulu müvafiq “ASAN xidmət” mərkəzlərində də təşkil olunacaq.

Güzəştli mənzil əldə etmək hüququna malik şəxsin sənədləri Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzlərində qəbul edildikdən və 5 iş günü ərzində müvafiq kateqoriyaya aid olması təsdiq olunduqdan sonra, ona “Güzəştli mənzil” elektron sistemində şəxsi kabinetin yaradılması barədə bildiriş göndəriləcək. Bildiriş almış vətəndaş sistemdən və elektron kabinetindən Elektron İmza və ya Asan İmza vasitəsilə istifadə edə biləcək.

Şəxsi elektron kabinetin yaradılması vətəndaşın güzəştli mənzil almaq hüququnu təsdiq edir və mənzil alana qədər qüvvədədir. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər.

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.