DÜNYA
Maykl Pens: ABŞ-ın KXDR-ə münasibətdə “strateji dözümlülük” dövrü başa çatıb
Bakı, 17 aprel, AZƏRTAC
Prezident Donald Trampın başçılıq etdiyi ABŞ-ın yeni administrasiyası KXDR-ə münasibətdə “strateji dözümlülük” siyasəti ilə hərəkət etmək niyyətində deyil. Bu barədə xəbərdarlıqla aprelin 17-də Koreya Respublikası və KXDR arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasını ziyarət edən ABŞ-ın vitse-prezidenti Maykl Pens çıxış edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pensin sözlərinə görə, ABŞ “danışıqlar apararaq sülh yolu ilə” Koreya yarımadasında təhlükəsizliyin təmin olunmasına çalışır. Buna baxmayaraq, bütün fəaliyyət variantları da nəzərdən keçirilir.
Vaşinqtonun Seul qarşısında müttəfiqlik öhdəliklərinin sarsılmaz olduğunu qeyd edən vitse-prezident KXDR-in raket-nüvə probleminə toxunarkən “strateji dözümlülük erasının” bitdiyini vurğulayıb. “Amerika sülhə can atır, lakin o, buna hər zaman güc yolu ilə nail olur”, - deyə Asiya–Sakit Okean regionunun ölkələrinə səfəri çərçivəsində Seula gələn Pens bildirib.
Maykl Pensin növbəti dayanacağı Yaponiyada olacaq. Aprelin 17-də parlamentdə çıxış edən Sindzo Abe Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə, BMT-nin qətnamələrini yerinə yetirməyə və nüvə proqramından imtina etməyə çağırıb.
Koreya yarımadasında vəziyyət ötən ilin əvvəlində Pxenyanın nüvə sınağı keçirdiyi və Yerin süni peyki ilə ballistik raket buraxdığı vaxtdan sonra gərginləşib. İl ərzində KXDR 20-dən çox raket sınağı keçirib.