SİYASƏT
Maykl Şnak: “Arşın mal alan” əsərinin tamaşaya qoyulmasında iştirak etmək mənim üçün şərəfdir
“Arşın mal alan” musiqili komediyasının Los-Ancelesdəki quruluşçu rejissoru ilə müsahibə
Vaşinqton, 5 sentyabr (AZƏRTAC). Üzeyir bəy Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” əsərinin 100 illiyi ilə əlaqədar olaraq sentyabrın 7-də Los-Ancelesdə Amerika aktyorlarının iştirakı ilə musiqili komediyanın premyerası olacaqdır. Əsər məşhur rejissor Maykl Şnak tərəfindən tamaşaya qoyulmuşdur. Əsərin tamaşaya qoyulması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən təşkil edilmişdir. M.Şnak premyeraqabağı AZƏRTAC-a eksklüziv müsahibə vermişdir.
- Cənab Şnak, AZƏRTAC-a eksklüziv müsahibə verməyə razı olduğunuza görə Sizə təşəkkür edirik. Məlum olduğu kimi, Siz dirijor, müğənni, pianoçu, bəstəkar, müəllim, teatr rejissoru, prodüser və öz işiniz üzrə ekspertsiniz. Sizi musiqi aləminə gətirən nə olmuşdur? Nə zaman peşəkar musiqiçi olmağı qərara aldınız? Bu, hər hansı bir əlamətdar hadisə ilə bağlıdırmı?
- Düzünü desək, mənim musiqi aləminə gəlməyimə səbəb olan elə bir mühüm hadisəni xatırlaya bilmirəm. Sadəcə, kiçik yaşlarımdan musiqiçi, məhz teatr musiqiçisi olmaq istəyirdim. Fortepianoda çalıb-oxumaq çox xoşuma gəlirdi. Yadımdadır, məktəbdən gəlib notla fortepianoda çalıb-oxuyurdum. Klassik əsərlər və teatr tamaşaları üçün musiqi ifa edirdim. Xarici dillərlə də maraqlanırdım, nəticədə dünya musiqisinə məhəbbətim gücləndi.
- Başqa bir musiqi mədəniyyəti ənənələri olan ölkədə yaradılmış əsərin tamaşaya qoyulması bir çoxları üçün çətin iş sayıla bilər. Azərbaycanın “Arşın mal alan” operettasının tamaşaya qoyulmasında, əsərin dərk edilməsində mədəniyyət fərqləri baxımından çətinliklər oldumu?
- ABŞ gənc ölkə olduğuna görə düşünürəm ki, biz amerikalılar xüsusən bədii sənət sahəsində ənənələrə fərqli yanaşırıq. Azərbaycan və tanınmış mədəniyyət xadimləri vasitəsilə nəsildən- nəslə keçən çoxəsrlik sənət irsinə malik başqa ölkələr ənənəvi əsərləri az qala “müqəddəs” hesab edirlər. Amerikalılar isə hər yeni nəsildən ənənəvi əsərlərin müasir və orijinal təqdimatını gözləyirlər. Hər iki yanaşma keçmişə hörmət hissinə əsaslanır, sadəcə ifadə tərzi və təfsir müxtəlifdir. Mən və komandam “Arşın mal alan” əsərinə həmişə çox böyük məhəbbətlə yanaşmışıq, lakin əsərin ifaçıları kimi məqsədimiz biz - amerikalıların bu böyük sənət əsərini öz təcrübəmiz prizmasından necə gördüyümüzü nümayiş etdirməkdir.
- Azərbaycan Şərq ilə Qərbin qovuşduğu bir ölkədir. “Arşın mal alan” əsəri artıq bir çox ölkələrdə nümayiş etdirilmiş, hətta Şərqin Pekininə gedib çıxmışdır. Siz Qərbdə - Los-Anceles şəhərində bu əsəri tamaşaya qoyursunuz, bununla da Şərq ilə Qərbin əlaqəsinə yekun vurursunuz. Əsərin həm də 100 illik yubileyinin qeyd olunduğunu nəzərə alsaq, bununla bağlı nə hisslər keçirirsiniz?
- Bu layihədə iştirak etmək mənim üçün böyük şərəfdir. Mən bir neçə il bundan əvvəl Vyanada bu əsərin rejissoru olmuşam və bir neçə ildən sonra tamamilə fərqli konsepsiya ilə “Arşın mal alan” əsərinə qayıtmaq mənə çox hisslər bəxş edir. Vyanada müxtəlif ölkələrin aktyorlarından ibarət qarışıq komandamız var idi. Burada, Los-Ancelesdə ifaçıların hamısı amerikalılardır və bu, tamaşanı bir növ tamamlayır. Bu dəfə biz rəqs səhnələrinə daha çox yer vermişik. Bu isə səhnələrə poetik və emosional çalar vermişdir. Üstəlik, əsərin alman dilindən fərqli olaraq, ingilis dilində tamaşaya qoyulması rəsmiyyəti bir qədər də aradan qaldırır, dialoqları daha məzəli edir.
- Cənab Şnak, öz aramızda qalsın, əgər Siz “Arşın mal alan”dakı Əsgər olsaydınız, səadətinizi tapmaq və dolayısı ilə əsərdə olduğu kimi, daha üç cütlüyün xoşbəxtliyinə kömək etmək üçün onun kimi hərəkət edərdiniz?
- Zənnimcə, mən dostumun məsləhətinə qulaq asıb ənənələri pozacaq qədər cəsarətli ola bilməzdim. İyerarxiya məsələlərində mən mühafizəkar adamam (gülür). Buna görə də məni baş qəhrəman kimi təqdim edən bir operetta yüz il boyu belə populyar olmazdı.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton