REGİONLAR
Məcburi köçkün məktəbi ölkənin ən yaxşı orta təhsil müəssisələri arasında
Beyləqan, 19 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri arasında Xocavənd rayonunun 2 nömrəli tam orta məktəbi də var.
Məktəbin direktoru Mehriban İmanova AZƏRTAC-a müsahibəsində bu uğurun əsas səbəbinin yüksək nizam-intizam, müəllimlərin əməyi və şagirdlərin təhsilə olan marağı ilə əlaqələndirib. Bildirib ki, köçkünlük həyatını yaşayan məktəb Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin “Şərq” yaşayış sahəsində, 2704 nömrəli avtobazanın binasında fəaliyyət göstərir. Müasir fənn kabinələri, laboratoriyalar, kompyuter otağı olmasa da, yeni təlim metodlarının tətbiq edildiyi məktəbdə tədrisin keyfiyyəti yüksək səviyyədədir.
Direktor təhsil ocağında 261 şagirdə 34 müəllimin dərs dediyini, onlardan 30-nun ali, 4-nün isə orta ixtisas təhsilli olduğunu söyləyib.
Məktəbin uğurları barədə məlumat verən M. İmanova bildirib ki, rəhbərlik etdiyi təhsil ocağının məzunları həm buraxılış imtahanlarında yüksək nəticə göstərir, həm də hər il yüksək bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil olurlar. 2013-2014-cü tədris ilində məktəbi bitirən 12 məzundan 10-u ali, 2-si isə orta ixtisas məktəblərinə qəbul olunub. Məktəbin şagirdləri respublika fənn olimpiadalarında, müsabiqə və idman yarışlarında da uğurla çıxış edirlər.
Direktor qeyd edib ki, məktəbin “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib olması və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncama əsasən 10.000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılması müəllim və şagirdlərdə böyük ruh yüksəkliyi yaradıb. Təhsil ocağının kollektivi işini ölkəmizdə gedən təhsil islahatına uyğun quraraq, bundan sonra da daha böyük uğurlar əldə etmək əzmindədir.