CƏMİYYƏT
Məcburi köçkün məktəblilər üçün yay təlim düşərgəsi başa çatıb
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı “Məcburi köçkün uşaqlar üçün yay təlim düşərgəsi” layihəsinin icrasını başa çatdırıb.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin məqsədi məcburi köçkün uşaqların yay istirahətini təşkil etməklə yanaşı, Azərbaycanın tarixi və dövlətçilik ənənələri barədə onların maarifləndirilməsi olub.
Təşkilatın sədri Vüqar Qədirov Goranboyda həyata keçirilən layihəyə işğal olunmuş rayonlardan cəlb edilən 26 məktəblinin istirahəti, onların təlim keçməsi üçün hər cür şəraitin yaradıldığını bildirib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, tariximizin, xüsusən Ermənistanın Azərbaycana təcavüzünün, Xocalı soyqırımının dəhşətlərinin dərindən öyrənilməsində belə layihələrin önəmini qeyd edib.
Sonra məktəblilərə ölkəmizlə bağlı həqiqətləri əks etdirən kitablar və filmlərin diskləri paylanıb.
Məktəblilər Gəncədə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış olublar. Layihə iştirakçılarının Nizami Gəncəvinin məqbərəsinə, böyük mütəfəkkirin adını daşıyan muzeyə, Şah Abbas məscidinə, Xan bağına və s. görməli yerlərə ekskursiyası təşkil edilib.
Məktəblilər layihə çərçivəsində səmərəli vaxt keçirdiklərini bildirib, belə tədbirlərin davamlı olmasını arzulayıblar.