REGİONLAR
Məcburi köçkünlər seçki məntəqəsində yaradılan şəraitdən razıdırlar VİDEO
Ağdam, 1 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
119 saylı Ağdam seçki dairəsinin məcburi köçkünlər üçün salınmış Bənövşələr qəsəbəsində yerləşən 21 saylı məntəqədə seçkilər yüksək fəallıq şəraitində keçir.
AZƏRTAC xəbər verir ki, məcburi köçkünlər orta məktəb binasında təşkil edilmiş məntəqəyə gələrək öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Məntəqə seçki komissiyasının sədri Tünzalə Vəliməmmədova bildirib ki, 1406 seçicinin qeydə alındığı məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi, seçicilərin rahatlığı üçün hər cür şərait yaradılıb, tibb otağı, uşaqlı analar üçün otaqlar təşkil edilib. Səsvermə prosesini canlı izləmək üçün veb-kamera quraşdırılıb. Məntəqə sədri qeyd edib ki, saat 11-dək 1406 seçicinin 289-u səs verib. İlk dəfə səs verən gənclərə Ağdam rayonu haqqında məlumatların əks olunduğu kitab və disk hədiyyə edilir.
Səsvermədə iştirak edən Ağdam rayonunun Kəngərli kəndindən olan məcburi köçkün Nüsrət Atakişiyev seçkilərin təşkilindən razılıqla danışıb: “80 yaşım var. Cavanlığımda da seçkilərdə iştirak etmişəm. O vaxtla indiki seçkilər arasında fərq çoxdur. İndi kim hansı namizədi istəyir, ona da səs verir. Hər kəs istəyir ki, parlamentimizə ən savadlı, ən bacarıqlı və ən layiq olan namizəd seçilsin. Arzu edirəm ki, növbəti seçkiləri doğma torpaqlarımızda keçirək”.
Bağbanlar kəndindən olan məcburi köçkün Vəsilə Məmmədova da seçki prosesindən razı qaldığını bildirib: “Məntəqəyə gələrək sərbəst şəkildə seçimimi etdim. Məntəqədə bunun üçün hər cür şərait yaradılıb”.
Səsvermənin gedişini izləyən müşahidəçılər – Mehman Göyüşov və Vüsalə Əhmədova seçkilərin demokratik şəraitdə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlinmədiyini bildiriblər.