CƏMİYYƏT
Məcburi köçkünlər üçün “Milli mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda seminar keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən Xankəndi şəhər tam orta məktəbində “Milli mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda seminar keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə qəsəbədə məskunlaşmış məcburi köçkünlər, eləcə də təhsil işçiləri və məktəbin pedaqoji kollektivi iştirak edib.
Seminarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Qədimov Tədbirlər Planı və onun mahiyyəti barədə məlumat verib, seminarın əhəmiyyətindən danışıb.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüaqrov məruzə ilə çıxış edib. O, milli mənəvi dəyərlərimizin qorunmasından, dini radikalizmlə mübarizədən və ona qarşı həyata keçirilən tədbirlərdən söz açıb. Dövlət Komitəsinin nümayəndəsi bildirib ki, qeyd olunan sahədə ardıcıl, genişmiqyaslı həyata keçirilən bu tədbirlər əhalinin bütün təbəqələrini əhatə edir.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda maarifləndirmə məqsədilə iştirakçılara müvafiq nəşrlər təqdim olunub.