REGİONLAR
Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi uğurlu sosial siyasətin davamıdır
Sumqayıt, 27 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Bu günlərdə dövlətimizin başçısının Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyənləşdirildi. Məqsəd dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsidir. Bu Fərman məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 27-də Qubadlı Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli Fərmanının icrası ilə əlaqədar keçirilən müşavirədə səsləndirilib.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi həyata keçirilən uğurlu sosial siyasətin davamıdır. Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir.
M.İsaqov dövlətimizin başçısının “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamının hər bir məcburi köçkün kimi, qubadlılıları da sevindirdiyini bildirib. Qeyd edib ki, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 ev və məktəb binası inşa olunacaq, müvafiq infrastruktur yaradılacaq. Bunun üçün ilkin olaraq 4 milyon manat ayrılıb. Diqqətə çatdırılıb ki, bu Sərəncam məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının ilk müjdəçisidir.
Çıxışlarda bildirilib ki, Azərbaycanın sosial müdafiə siyasətində ünvanlılıq və səmərəlilik hər zaman ön planda olub, bu mənada qaçqın və məcburi köçkünlərə edilən güzəştlərin pul kompensasiyası şəklində ünvanlı olaraq özlərinə çatdırılması bir tərəfdən onlara ayrılan vəsaitin özlərinin istədiyi kimi, səmərəli şəkildə istifadəsinə şərait yaradır, digər tərəfdən bu prosesin səmərəliliyini artırır.
Vurğulanıb ki, dövlətimizin başçısının müvafiq Sərəncam və Fərmanı məcburi köçkünlər tərəfindən yüksək razılıq hissi ilə qarşılanıb və qubadlılılar hər zaman olduğu kimi, Prezidentin apardığı siyasətin ən fəal müdafiəçiləridir.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində tezliklə öz doğma yurdlarına qayıdacaqlarına əminliklərini ifadə ediblər.
Müşavirəyə yekun vuran rayon icra hakimiyyətinin başçısı Fərmanın icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq, görüləcək işlərin operativliyini təmin etmək məqsədilə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.