REGİONLAR
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır VİDEO
Sumqayıt, 6 may, Ətrabə Rzayeva, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Qubadlı rayonunda silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətində elmi-nəzəri konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin rayon icra hakimiyyətinin inzibati binasının foyesindəki büstü önünə gül dəstələri qoyublar.
Akt zalında davam edən tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdikləri tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Ümummilli Liderin Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı yolundakı fəaliyyətindən bəhs edib. Ulu Öndərin fəaliyyətinin bütün sahələrinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən M.İsaqov bildirib ki, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin həyata keçirdiyi siyasət nəticəsində qaçqın və köçkünlərin problemləri həllini tapıb.
Çıxışlarda bildirilib ki, bu gün ulu öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin Ulu Öndərin ideya və strategiyasını uğurla həyata keçirməsi ölkəmizi çiçəklənən diyara çevirib. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən qaçqın və məcburi köçkünlər tam əmindirlər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində tezliklə torpaqlarımız işğaldan azad olunacaq.
Sonra “Milli–mənəvi dəyərlərin qorunması və inkişafında Heydər Əliyevin rolu”, “Tolerant və multikultural dəyərlər Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri kimi”, “Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzularında məruzələr dinlənilib.