REGİONLAR
Məcburi köçkünlərin sosial vəziyyəti daim diqqət mərkəzindədir
Ağcabədi, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin doqquz ayında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 32 səyyar qəbul keçirilib. 2585 nəfərin iştirak etdiyi bu qəbullarda 242, rayon icra hakimiyyəti başçısı aparatında isə 2664 rayon sakininin müraciəti dinlənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Abşeron, Sabunçu və Xətai rayonlarında inşa edilən yaşayış binalarında 80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib. Cari ilin ötən dövründə Taxtakörpü və Qayğı qəsəbələrində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işləri görülüb, 6000 metr naqil yenisi ilə əvəzlənib. Qarıqışlaq, Vağazin, Mirik, Fingə və Qarakeçdi obalarında yeni transformatorlar quraşdırılıb, müxtəlif gücə malik 40 transformator təmir olunub. Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətləri əsaslı təmir edilib.
Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Vağazin və Sadınlar obalarında yeni subartezian quyusu qazılıb, Mişni obası və 21 ailəlik qəsəbədə su nasosları təmir olunub. Qarıqışlaq, Qılışlı, Mayis, Alxaslı və Mişni obalarına çəkilmiş plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 450 metr hissəsi yenisi ilə əvəz edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb.
Yığıncaqda diqqətə çatdırılıb ki, Laçın rayon əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hesabat dövründə əhali və fermer təsərrüfatlarında 35 min 780 baş iribuynuzlu, 195 min 492 baş xırdabuynuzlu heyvan olub. Bu dövrdə 1758,7 ton ət, 11 min 508,2 ton süd, 351,5 ton yun istehsal olunub. Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlər tərəfindən 2257 ton taxıl istehsal edilib, 101 hektarda pambıq becərilib. Hazırda tarlalarda pambıq yığımı davam edir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən, Taxtakörpü ərazisində qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdir.