REGİONLAR
Məcburi köçkünlərlə görüş
İsmayıllı, 10 noyabr, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə məcburi köçkünlərlə növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayonda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.
Hüquq-mühafizə və ədliyyə orqanlarının, xidmət idarələri rəhbərlərinin də qatıldıqları görüşü rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, ölkəmizdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb, İsmayıllı ərazisində məskunlaşan məcburi köçkünlərin problemlərinin daim diqqətdə saxlanıldığını vurğulayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev ayrı-ayrı yaşayış məntəqələrində mövcud vəziyyətdən, görülən işlərdən, kommunal xidmətlərin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb.
Laçın rayonundan olan məcburi köçkün Arif Tanrıverdiyev göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Məcburi köçkünlər qayğı və çətinliklərdən də danışıblar. Belə ki, Arif Tanrıverdiyev Kəlbənd bələdiyyəsi ərazisində onlara müvəqqəti verilən torpaqlardan qanuni istifadə üçün lazımi şəraitin yaradılmasını, Cəlal Məmmədov “Kökəltmə birliyi” ərazisinə dayanıqlı elektrik xətti çəkilməsini, Gülağa Abbasov Yenikənd kəndinə gedən yola çınqıl döşənməsini, Laçın Mirzəliyev Tircan ferması ərazisinə qaz çəkilişini, Dağbəyi Nəsirov arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün kredit alınmasına kömək göstərilməsini xahiş ediblər.
Qaldırılan məsələ və təkliflərlə bağlı müvafiq strukturlara tapşırıqlar verilib.