CƏMİYYƏT
“Mədəni Vətəndaş” adlı layihənin icrasına başlanılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “Azəri Yurdu” Gənclər İctimai Birliyinin (İB) dəstəyi ilə 7-ci qrant müsabiqəsi çərçivəsində “Mədəni Vətəndaş” adlı layihənin icrasına başlanılıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi gənclərin və yeniyetmələrin daha etik, anlaşıqlı və mədəni yetişməsində yardımçı olmaq, onlarda gənc yaşlarından etik dəyərləri daha güclü formalaşdırmaq və ictimai davranış normalarını cəmiyyətə çatdırmaqdır.
Layihə çərçivəsində Bakı şəhərində yerləşən bir neçə ali təhsil müəssisələrində gənclər arasında mədəni dəyərlərin təbliği, şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliği məqsədilə gənclərin daha mədəni vətəndaş kimi formalaşması naminə təlim proqramları və seminarlar həyata keçirilməsi nəzərdə tutulur.
Tədbiri İB-nin sədri Mirəli Mahmudov keçirilən layihənin məqsədi haqqında ətraflı məlumat verib və gənclər arasında bu mövzuda maarifləndirmə işlərinin aparılmasının zəruri olduğunu bildirib.
Daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Sirac Məmmədov belə tədbirin universitet və digər təhsil ocaqlarında keçirilməsinin vacibliyini qeyd edib.
Təlim proqramında məruzəçi qismində iştirak edən kulturoloq, tarix elmləri doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov belə layihələrin təqdirəlayiq olduğunu vurğulayıb, kulturologiya sahəsində təcrübələrini gənclərlə bölüşüb.
Daha sonra iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.