MƏDƏNİYYƏT
Mədəni irsimizi nümayiş etdirən sərgi
Bakı, 27 avqust, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz fotolarda” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, gənc fotoqrafların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi “Art Villa” qalereyasında baş tutub.
60-dək foto portretin nümayiş olunduğu ekspozisiyada memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş mövzular yer alıb.
Layihə ölkəmizin milli-mədəni irsinin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, layihə həmçinin cəmiyyətdə milli-mədəni dəyərlərin qorunması və təbliği sahəsində gənclərin rolunu artırmaq, o cümlədən onların qeyd olunan mövzunun təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmağı nəzərdə tutur. Sərgiyə istənilən paytaxt sakini və şəhərimizin xarici qonaqları baxa bilər.