MƏDƏNİYYƏT
Mədəni marşrutlar tolerantlığa və ölkələr arasında mehriban münasibətlərə xidmət edəcək
Oktyabrın 30-da Bakıda, «JW Marriott Absheron Baku» otelində Avropa Şurasının (AŞ) Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumunun açılışı münasibətilə mətbuat konfransı keçirilib.
İkigünlük forum AŞ-ın Avropa Mədəni Marşrutlar İnstitutunun (Lüksemburq) və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təbrik sözü ilə çıxış edərək bildirib ki, Azərbaycanın sədrliyi 10 gün sonra başa çatır. Forum iştirakçıları iki gün müddətində aşağıdakı mövzuları müzakirə edəcəklər: turizm sosial birliyin və dialoqun aparıcı qüvvəsi kimi; mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi – keçmiş, indi və gələcək; sosial birlik iqtisadiyyatı – sabit iqtisadi inkişaf naminə mədəni marşrutlar; Avropa Şurasının mədəni marşrutları boyunca “hərb və sülh”; mədəni marşrutlar Avropa yaddaşının və tarixinin mühafizəçiləri kimi.
Nazir qeyd edib ki, forumun işində 23 ölkədən 87 nümayəndə iştirak edir. O əmin olduğunu bildirib ki, beynəlxalq mədəni marşrutlar tolerantlığa və ölkələr arasında mehriban münasibətlərə xidmət edəcək.
Mətbuat konfransında Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç, mədəni marşrutlar üzrə geniş ilkin Sazişin sədri Elke Atsler (Avstriya), Avropa Şurasının Bakı ofisinin direktoru Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard çıxış ediblər.
Bildirilib ki, forum çərçivəsində mədəni marşrutların təqdimatları, tematik seminarlar keçiriləcək, təcrübə mübadiləsi aparılacaq.
Forumun yekunlarına dair birgə Bəyanat qəbul ediləcək.