MƏDƏNİYYƏT
“Mədəniyyət.AZ” jurnalı təhlil məqalələri, möhtəşəm təqdimatları da dərc edəcək
Bakı, 18 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanlarından biri oxucuların görüşünə “Mədəniyyət.AZ” adı ilə gələcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, jurnalın adı kimi onun görkəmi, mahiyyəti, məzmunu və məramları da maraqlı olacaq. Toplunun səhifələrində nazirliyin bütün strukturlarının əməyi sayəsində reallaşan mühüm layihələr, həyatı və fəaliyyəti ilə hamıya örnək ola biləcək şəxsiyyətlər, sənət adamlarının xarici ölkələrdəki uğurları, təsviri sənətin və musiqimizin müasir təmayülləri, səhnə premyeraları, abidələrimiz, mədəni turizm barədə yazılar, müxtəlif təhlil məqalələri və resenziyalar dərc ediləcək.
“Mədəniyyət.AZ” adı ilə nəşr olunan jurnalın ilk nömrəsində oxucular Novruz büsatı, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmış kəlağayımız barədə, ölkənin birinci xanımı Mehriban Əliyeva haqqında yazılan esse, incəsənətimizə böyük töhfələr vermiş ölməz sənətkarlar haqqında materiallar dərc olunacaq. Həmçinin Azərbaycanı dünya mədəniyyətləri arasında dialoq mərkəzinə aparan yola nəzər salınacaq, istedadlı rejissorumuz Cənnət Səlimovanın quruluş verdiyi “III Riçard” tamaşası haqqında və “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının elmi mahiyyəti barədə rəylər, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlar, “Yarat” Müasir İncəsənət Mərkəzinin məlumatları ilə tanış olacaq, ədəbi mühitin gənc imzaları ilə görüşəcəksiniz.
“Mədəniyyət.Az” jurnalı həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının siyahısına daxil edilib. Azərbaycan mədəniyyətinin və incəsənətinin elmi tərəflərini araşdıran məqalə jurnalın səhifələrində yer ala
biləcək.