MƏDƏNİYYƏT
Mədəniyyət müəssisələrinin 700-dən çox əməkdaşı Azərbaycan Xalça Muzeyinə təşkil olunan ekskursiyalarda iştirak edib
Bakı, 30 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi (BŞMTİ) tərəfindən ilin birinci yarısı üçün Azərbaycan Xalça Muzeyinə təşkil edilən ekskursiyalar başa çatıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, ötən gün yekunlaşan ekskursiyada Binəqədi, Nərimanov və Xətai rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları iştirak ediblər. Ümumiyyətlə isə, cari ildə BŞMTİ-nin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin 700-dən çox əməkdaşı Azərbaycan Xalça Muzeyinə təşkil olunan ekskursiyalarda iştirak edib.
Muzeydə xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.
Azərbaycan Xalça Muzeyinin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib.
Mədəniyyət işçilərinin muzeyə ekskursiyaları ilin sonunadək davam edəcək.