MƏDƏNİYYƏT


Mədəniyyət və İncəsənət Universitetinin folklor qrupu beynəlxalq festivalda iştirak edib

A+ A

Bratislava, 18 iyul, AZƏRTAC

Slovakiyanın Nitra şəhərində keçirilən “Beynəlxalq Akademik Folklor Musiqisi Festivalı 2016” başa çatıb.

Hər ilin iyul ayında Slovakiyanın müxtəlif səhər, habelə ali təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarının iştirak etdiyi və bir həftə davam edən festivalda ənənəvi olaraq Bolqarıstan, Çex Respublikası, Polşa və Gürcüstan iştirak edir.

Bu il baş tutan festivalda Azərbaycan səfirliyinin Bratislava ofisi tərəfindən respublikamızın da iştirakı təmin edilib. Ölkəmizi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Kamilə Nəbiyeva, Murad Kəngərli (xanəndə), Elçin Rəşidoğlu (aşıq), Ruslan Zərbəliyev (tar), Anar Yusufov (kamança) və Ağakərim Abbasovdan (nağara) ibarət ansambl təmsil edib. Ansamblın bədii rəhbəri Xalq Artisti Zamiq Əliyevdir.

Nümayəndələrimiz “Azərbaycan”, “Qatar“ təsnifi, “Mehriban olaq”, “Qarabağ şikəstəsi”, “Simayi-şəms” və “Zərb” musiqi əsərlərini özündə əks etdirən silsilə konsert proqramları ilə Slovakiyanın Trençianske Tepliza, Podqoranı, Mala Leqota və Nitra şəhərlərində çıxış ediblər.

Azərbaycan folklor ansamblının Slovakiya tamaşaçıları qarşısında hər gün iki saatlıq konsert proqramı ilə çıxışları ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli musiqi alət və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb. Azərbaycan ansamblının parlaq konsertləri folklor musiqisinə və xarici dövlətlərin milli mədəniyyətlərinə yüksək qiymət verən slovak tamaşaçılarına yaddaqalan xoş təəssürat bağışlayıb.

Slovakiyanın Mədəniyyət Nazirliyi və festivalın əsas təşkilatçısı olan Təhsil, Elm, Tədqiqat və İdman Nazirliyi ölkəmizin iştirakına görə Azərbaycan səfirliyinin Bratislavadakı ofisi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə dərin təşəkkürü bildirib.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.