MƏDƏNİYYƏT
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİUİ) tələbəsi Azər Səlimov Rusiyanın Həştərxan şəhərində “Qolosa Zolotoy stepi-2015” V beynəlxalq etnofestival-müsabiqəsində ölkəmizi təmsil edib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, iki mərhələdən ibarət müsabiqədə 24 ölkədən 24 ifaçı öz xalqlarına məxsus xalq mahnılarını ifa ediblər. Dörd nominasiya üzrə keçirilən müsabiqədə A.Səlimov xalq ifası nominasiyasında çıxış edib. O, birinci turda “Qara tellər”, “Bana-bana gəl”, “Ahu kimi” və digər xalq mahnılarını ifa edərək ikinci mərhələyə keçib. İkinci mərhələdə ADMİU-nun tələbəsi “Heyratı” zərb muğamını ifa edib və üçüncü yerə layiq görülüb.
Müsabiqənin səkkiz nəfərlik münsiflər heyəti müxtəlif ölkələrin ən tanınmış sənət adamlarından ibarət olub.
Festival-müsabiqə başa çatdıqdan sonra laureatlar Həştərxan Dövlət Konservatoriyasında ustad dərsləri keçib, müxtəlif televiziya kanallarının qonağı olublar. Bundan əlavə laureatlar Həştərxan Konservatoriyasında konsert proqramı ilə də çıxış ediblər.