MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyi Dubayda keçirilən “ATM - 2015” beynəlxalq turizm sərgisində təmsil olunur
Bakı, 4 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin də təmsil olunduğu “ATM - 2015” beynəlxalq turizm sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev, marketinq sektorunun müdiri Emil Səfərov və planlaşdırma və inkişaf sektorunun baş məsləhətçisi Cəfər Qarayevdən ibarət nümayəndə heyəti iştirak edir.
Sərgidə, həmçinin, “Silk Way Travel”, “Millennium Tourism and Congress”, “The Tour, Greenwich travel”, “Gilan tourism”, “Luxury Sport” olmaqla altı yerli turizm şirkəti, üç mehmanxana – “Fairmont Baku”, “Rigs Hotel” və “Boulevard Hotel”, həmçinin Azərbaycan Hava Yolları, Şahdağ Turizm Mərkəzi və Azərbaycan Konqreslər Bürosu iştirak edir.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 56 kvadratmetrlik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim etmək üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
“ATM - 2015” beynəlxalq turizm sərgisi mayın 7-dək davam edəcək.