MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyi “Qızıl kəlmə” ədəbi mükafatını elan edib
Bakı, 5 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl kəlmə” ədəbi mükafatını elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mükafata son 2 ildə kitab və ya jurnalda çap edilmiş nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə və uşaqlar üçün yazılmış bədii əsərlər təqdim olunur.
Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər. Bir təşkilat, şəxs, mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.
Müraciət üçün lazım olan sənədlər əsəri təqdim edən təşkilatın, şəxsin mükafat komissiyasına ünvanlanmış məktubdan, çap edilən əsərdən (5 nüsxə), namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəklindən, şəxsiyyət vəsiqəsinin surətindən ibarətdir.
İşlər bu il noyabrın 10-dan 2017-ci il aprelin 10-dək bu ünvana təqdim edilməlidir: AZ 1000, Bakı şəh., Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otaq. Tel: 493 06 80
Qeyd edək ki, mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir. Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.