MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyində 20 ölkəni təmsil edən QHT rəhbərləri ilə görüş olub
Bakı, 6 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşları Bakıya gəliblər. QHT rəhbərləri səfər çərçivəsində mayın 6-da Mədəniyyət və Turizm Nazirliyində olublar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə QHT rəhbərlərinin Azərbaycanın işğal altında olan torpaqlarındakı tarixi-mədəniyyət abidələri barədə məlumatlandırılması məsələləri müzakirə edilib.
Nazirliyin aparat rəhbəri Rafiq Bayramov bildirib ki, “Şuşaya azadlıq” hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətli və həssas mövzudur. Xarici QHT nümayəndələrinə belə bir kampaniyaya qoşulduqlarına görə təşəkkür edən Rafiq Bayramov nazirliyin hər zaman mədəniyyətlə bağlı layihələrə dəstək verdiyini də diqqətə çatdırıb. Nazirlik rəsmisi Azərbaycanda üçüncü sektorun fəaliyyətinə dövlət səviyyəsində qayğı göstərildiyini, bu məqsədlə müvafiq şuranın yaradıldığını deyib.
Sonra Azərbaycanın turizm potensialı, mədəniyyəti, mətbəxi, ölkədə mövcud olan turizm istirahət mərkəzləri, o cümlədən “Şahdağ” və “Tufandağ” Qış–Yay Turizm kompleksləri haqqında videomaterial nümayiş etdirilib.
Görüşdə QHT nümayəndələrinə ölkəmizə gəlmək istəyən xarici vətəndaşlar üçün tətbiq edilən elektron viza qaydaları haqqında məlumat verilib, onların Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak etməklə bağlı sualları cavablandırılıb.
Sonda qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən reklam çap məhsulları təqdim olunub.