MƏDƏNİYYƏT


Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində reallaşdırılan layihələr müzakirə olunub

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramının əlaqələndiriciləri Raqnar Siil, Simon Ellis, Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Elizabet Vayt, əməkdaşları Dilarə İbrahimova, Sevinc Ağazadə (proqramın yerli koordinatoru) və ekspert Cahangir Səlimxanov arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Mədəni İnkişafa dair Göstəricilər Toplusu” (Culture İndicators) layihəsi barəsində Azərbaycan Xalça Muzeyində keçirilmiş seminar müzakirə olunub. Qarşı tərəf bildirib ki, layihə UNESCO tərəfindən tərtib edilib və ölkədə mədəniyyət sahəsinin inkişafının ölçülməsi və planlaşdırılması üçün çox əlverişlidir.

Nazir müavini Sevda Məmmədəliyeva həm Avropa İttifaqı, həm də Britaniya Şurası ilə əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirib. Misal kimi o, Britaniya Şurasının təşkil etdiyi Uilyam Şekspirin 400 illiyinə həsr olunmuş tədbirlərin Bakıda çox maraqla qarşılandığını söyləyib. S.Məmmədəliyeva eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən mədəniyyət sahəsinin idarəetməsi sisteminin inkişafına yönəlmiş Tvinninq layihəsini xüsusilə qeyd edib.

Görüş zamanı Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan digər layihələr barədə müzakirə aparılıb.

Sonda Sevda Məmmədəliyeva öz növbəsində qeyd olunan sahələr üzrə əməkdaşlıq imkanının yaranmasından məmnunluq hissi keçirdiyini bildirib və proqrama dair əlaqələndirmənin aparılması üçün müvafiq ideyalar irəli sürüb və təkliflər verib.

Qeyd etmək lazımdır ki, Britaniya Şurası 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını idarə edir. Proqram Avropa Birliyi tərəfindən Azərbaycan və Şərq Tərəfdaşlığına daxil digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.