MƏDƏNİYYƏT


Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub

A+ A

Bakı, 7 oktyabr, Ceyhun Alışlı, AZƏRTAC

Oktyabrın 7-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışıb. Vurğulanıb ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyev hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı gündən-günə artmaqdadır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Buna səbəb aparılan düzgün siyasət və ölkə rəhbərinin bu siyasətini dəstəkləyən insanlardır. Mədəniyyət və incəsənət ustalarının əldə etdikləri nailiyyətlər, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu siyasəti dəstəkləyərək mədəniyyət sahəsində çalışan hər kəs daha böyük layihələrə imza atmalı, mədəniyyətimizin tanıdılması üçün yaradıcı potensialını əsirgəməməlidir.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş, “Xalq Artisti”, “Əməkdar Mədəniyyət İşçisi”, “Əməkdar Artist”, “Əməkdar İncəsənət Xadimi” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.

Sonda fəxri ad alanlar çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.