REGİONLAR
Mədəniyyət və turizm naziri Ağdaşda vətəndaşları qəbul edib VİDEO
Ağdaş, 24 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, vətəndaşlar nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər. Müraciətlər əsəsən Ağdaş rayonunda görkəmli kaman ustası Habil Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunması, Göyçayda fəaliyyət göstərən Rəsul Rzanın ev-muzeyi ilə başqa ölkələrin muzeylərinin virtual əlaqələrinin yaradılması və ev-muzeyinin turizm marşrutuna salınması, uşaq incəsənət məktəblərinin müəllimləri üçün Bakı Xoreoqrafiya Akademiyasında təlim kurslarının təşkil edilməsi, H.Zərdabinin həyat və yaradıcılığı ilə bağlı ədəbiyyatın nəşri, Ağdaşda xalq teatrlarının respublika baxış müsabiqəsinin keçirilməsi və digər məsələləri əhatə edib.
Əbülfəs Qarayev qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır. Ə.Qarayev Ağdaş rayonunda keçirilən qəbulda ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. O, səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, onların həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.
Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həll olunub.
Sonra nazir Əbülfəs Qarayev Ağdaş rayonunda ölkənin 16 regional mədəniyyət və turizm idarəsinin rəhbərlərinin iştirakı ilə respublika müşavirəsi keçirib.
Nazir çıxışında qeyd edib ki, artıq iki aydır ölkəmizin mədəniyyət və turizm strukturunda islahatlar aparılır. Prezident İlham Əliyevin Sərəncamı ilə bu il yanvarın 1-dən respublikamızda regional mədəniyyət və turizm idarələri fəaliyyətə başlayıb. “Təşkilatçılıq baxımından bu, yeni prosesin başlanğıcı hesab edilir. Buna görə də qarşıya çıxan çətinliklərin müzakirəsi, yeni təklif və layihələr üzərində fikir mübadiləsi aparmaq üçün Ağdaş rayonunda regional idarələrin respublika müşavirəsi keçirilir”, - deyə nazir vurğulayıb.
Respublikanın bütün regional mədəniyyət və turizm idarələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə ötən iki ayda əldə olunan nəticələr təhlil edilib, qarşıdan duran vəzifələr müzakirə olunub.
Əbülfəs Qarayev deyib: “Hazırda qarşıda bir neçə mühüm məsələ durur ki, onlardan biri də yeni qurulan bu sistemin təkmilləşdirilməsi, burada şəffaflığın təmin edilməsi və ciddi şəkildə güclü mərkəzləşdirilmiş idarəetmənin təməlinin qoyulmasından ibarətdir. Rayonlarda mədəniyyət və turizm sahəsində faydalı işlərin görülməsi ilə bağlı zərurət yaranıb. Həmçinin bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin və musiqi məktəblərinin şəraitinin yaxşılaşdırılması, mövcud vəziyyət bizə imkan verir ki, bu sahədə işləri daha yeni formada quraq”.
Müşavirədə idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmaları tələb edilib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verilib.