REGİONLAR


Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşların müraciət və təkliflərini dinləyib VİDEO

A+ A

Şəki, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, avqustun 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Balakən, Zaqatala, Qax, Şəki və Oğuzdan olan vətəndaşları qəbul edərək, onların müraciət və təkliflərini dinləyib.

Qəbuldan əvvəl nazir Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə tər gül dəstəsi qoyub, mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən, yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, ixtisaslı kadrlarla təminat, bölgələrin turizm infrastrukturunun inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Şəkidən qəbula yazılan vətəndaşlar tərəfindən yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan Abdulxalıq hamamının dam örtüyünün bərpası, rayondakı 2 nömrəli uşaq musiqi məktəbinin yeni binasının tikilməsi, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsinə kömək göstərilməsi xahiş edilib.

Balakən sakinlərinin müraciətləri qədim musiqi alətimiz olan tamburun yaşadılması məqsədilə tamburçular mərkəzinin yaradılması, Pəri qalasının təmir-bərpa olunması, rayonda turizmin inkişaf etdirilməsi üçün turizm dayanacaq mərkəzinin qurulması barədə olub.

Qax rayonundan qəbula gələnlər rayon mədəniyyət mərkəzində fəaliyyət göstərən xalq teatrında tamaşaların keyfiyyətinin yüksəldilməsi üçün tanınmış rejissorların dəvət olunması, uşaq incəsənət məktəbində təsviri sənət və rəqs siniflərində şagird qəbulu planının artırılması ilə bağlı xahişlərini çatdırıblar.

Oğuz sakinləri tərəfindən Azərbaycan tarixinə, vətənpərvərlik mövzusuna aid mahnılardan ibarət kitabın hazırlanması, rayon Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibatının yenilənməsi, kitabxanalara uşaq ədəbiyyatı və kənd təsərrüfatına dair yeni nəşrlərin verilməsi, Muxas qülləsinin bərpası barədə müraciətlər səslənib.

Bundan əlavə, Zaqatala rayonunda "Gənclərin folklor festivalı"nın keçirilməsi, mədəniyyət müəssisələrinin uşaq filmləri ilə təmin olunması və digər məsələlərə bağlı müraciətlər də diqqətə çatdırılıb.

Qəbula gələn vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımından vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin ekspozisiyalarının yenilənməsi, incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı təkliflərin olduğunu deyib: “Əvvəlki qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına xüsusi həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər".

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib. Qeyd edib ki, turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: "Bu gün turizm Azərbaycanda sürətlə inkişaf edir və iqtisadiyyatın qeyri-neft sektoru sırasında əsas prioritet istiqamətlərdən biridir. Ölkəmizdə yeni turizm rekreasiya zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Bu il ölkəmizə Rusiya, Qazaxıstan, İran, Körfəz ölkələri və dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayında xeyli artım müşahidə olunur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.