REGİONLAR
Mədəniyyət və turizm naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Ucar, 11 aprel, Adil Ağayev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Görüşdən əvvəl nazir Əbülfəs Qarayev və rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra nazir mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi məsələləri ilə bağlı olub. Müraciət edənlər, habelə bölgələrdə kino xidmətinin bərpa edilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanaların kənd təsərrüfatı və iqtisadiyyat sahələrinə aid ədəbiyyatla təmin olunması, tanınan yazıçı və şairlərlə görüşlərin keçirilməsi, rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrlarının səhnə rekvizitlərinə olan ehtiyacın ödənilməsi, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə konsert proqramlarının təşkili və sair barədə xahişlər ediblər.
Qəbula gələn vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Jurnalistlərə müsahibəsində nazir bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımından çox vacibdir. Bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan Ə.Qarayev, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.