MƏDƏNİYYƏT
Mədəniyyətin, elmin, təhsilin və səhiyyənin hamisi olan insan
Bakı, 8 may, Aynur İsmayılova, AZƏRTAC
Mayın 8-də “Qafqaz Media” İctimai Birliyinin (İB) ofisində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İB-nin sədri Azadə Hüseynova Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Mədəniyyətin, elmin, təhsilin və səhiyyənin hamisi olan bu dahi şəxsiyyət bütün mənalı ömrünü Azərbaycanın inkişafı, xalqımızın rifahının yaxşılaşması işinə həsr edib.
Vurğulanıb ki, Azərbaycanda əldə olunan uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır.
BDU-nun professoru Knyaz Aslan, şairə Zərəngiz Mansurova, Gürcüstan Jurnalistlər Birliyinin katibi Nizami Məmmədzadə və başqaları ulu öndər Heydır Əliyevin həyat və fəaliyyətinə dair geniş məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Vətənə və xalqa sonsuz bağlılıq hissinin parlaq nümunəsi olmaqla, mənəvi kamilliklə siyasi müdrikliyin bütövlüyünü təcəssüm etdirir. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərindən respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verib.
Tədbirdə Ulu Öndərin şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş olunub.