REGİONLAR
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
İsmayıllı, 28 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə iyulun 28-də İsmayıllının İvanovka kəndində mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I Beynəlxalq elmi-praktik seminar keçirib.
AZƏRTAC xəbər verir ki, malakanların yaşadıqları İvanovka kəndinin mədəniyyət sarayında təşkil olunan Beynəlxalq elmi-praktik seminarda Belarus, Qazaxıstan və Türkiyənin mədəniyyət müəssisələrinin mütəxəssisləri, Bakı şəhəri və regionlardakı mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər iştirak ediblər.
İvanovkalılar tərəfindən mehribanlıqla qarşılanan qonaqlar əvvəlcə mədəniyyət sarayının foyesində təqdim olunan rəsm əsərləri və tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Elmi-praktik seminarın işinə uğurlar arzulayan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, N.Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, Mədəniyyət və Turizm Nazirliyinin kollegiya katibi Tahirə Əliyeva, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov tədbirin beynəlxalq təcrübənin öyrənilməsində xüsusi əhəmiyyətindən danışıblar.
Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin əməkdaşı Məhbubə Əbilova, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşan Maldibayeva, Türkiyə Gənclər və İdman Nazirliyinin gənclik xidmətləri üzrə idarə rəisi Bedir Ahmet Cemil və başqalarının məruzələri dinlənilib. Beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, mədəniyyət mərkəzləri və onların filiallarının inkişaf istiqamətləri, mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klublarda milli məfkurənin öyrənilməsinə xidmət edən tarixi maddi-mənəvi dəyərlərin, mədəniyyətin təbliği, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılması və sair məsələlər maraqla dinlənilib.
Tədbirdə Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Azərbaycan və Türkiyənin tarixinin, mədəniyyətinin, dilinin, maddi və mənəvi dəyərlərinin daha geniş təbliği istiqamətində əməkdaşlıq memorandumu imzalayıblar.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Beynəlxalq elmi-praktik seminar İvanovka folklor qrupunun maraqlı çıxışı ilə yekunlaşıb.