MƏDƏNİYYƏT
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəaliyyəti müzakirə edilib
Bakı, 24 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində ilk hesabat iclası keçirilib. Müəssisədə aparılan struktur islahatlarından sonra yeni strukturun səmərəliliyi və görülmüş işlərin nəticələrinin müzakirəsinə həsr olunan iclasda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev geniş məruzə ilə çıxış edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə xüsusi olaraq mərkəzin iş planının müzakirəsi aparılıb. Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən mərkəzin qarşısında qoyulan əsas strateji hədəflər bir daha vurğulanıb, müəssisənin fəaliyyəti və aparılan araşdırmaların əsas etibarilə tətbiqi xarakter daşıdığı bildirilib.
Sonra müəssisənin şöbə müdirləri rəhbərlik etdikləri struktur bölmələri tərəfindən görülmüş işlərinin hesabatını verib və cari ilin sonunadək planlaşdırılmış tədbirlər haqqında danışıblar.
Mərkəzin gündəlik iş fəaliyyəti ilə bağlı və hazırlanması planlaşdırılmış metodiki tövsiyələrin müzakirəsi ilə davam edən iclasda bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edən qərarlar qəbul olunub.