CƏMİYYƏT
Media nümayəndələri “Coca-Cola” şirkəti ilə tanış olublar
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Coca-Cola" zavoduna media-tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan Coca-Cola Bottlers Ltd." MMC-nin baş direktoru Erdinc Gözəl təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, "Coca-Cola" şirkəti sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən çox brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib.
"Coca-Cola" ilə yanaşı, şirkətin portfoliosuna dəyəri 1 milyard ABŞ dollarını ötən 20 brend daxildir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 milyard içki porsiyası realizə edir. Şirkət, həmçinin ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir.
Zavodun direktoru Rəna Məmmədova qeyd edib ki, "Coca-Cola" Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Şirkət 1994-cü ildə Türkiyədə yerləşən "Coca-Cola İçəcək" tərəfindən "Azərbaycan Coca-Cola Bottlers"in təsis edilməsi ilə fəaliyyətə başlayıb. Zavod yenidənqurma işlərindən sonra 6 müasir istehsal xətti ilə fəaliyyətini gücləndirib.
"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin aparıcı mütəxəssisləri "Coca-Cola", "Fanta", "Sprite", "Bonaqua", "Cappy", "Fuse Tea" və "Burn" məhsullarının istehsalı, qablaşdırılması, suyun təmizlənməsi və sair barədə jurnalistlərə ətraflı məlumat veriblər. Bildirilib ki, ötən ilədək Azərbaycandakı zavodda istehsal olunan məhsullar Gürcüstan və Türkmənistana ixrac edilib. Şirkət, eyni zamanda, ölkədə həyata keçirilən sosial layihələrə də dəstək verir.
Sonra media nümayəndələri zavodun iş prosesi ilə tanış olublar.