ELM VƏ TƏHSİL
Media nümayəndələri və təhsil ekspertləri Bakı Slavyan Universitetində imtahanların gedişini izləyiblər
Bakı, 14 iyun, P.İmanova, AZƏRTAC
İyunun 14-də Bakı Slavyan Universitetində (BSU) yaz imtahan sessiyasının gedişini izləmək məqsədilə monitorinq keçirilib.
AZƏRTAC xəbər verir ki, monitorinq BSU-nun rektoru, professor Nurlana Əliyevanın 2016-2017-ci tədris ilinin yaz imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmini məqsədilə verdiyi əmrə əsasən təşkil edilib.
Monitorinq zamanı ölkənin tanınmış təhsil ekspertləri, KİV-lərin nümayəndələri və valideynlər beynəlxalq münasibətlər, pedoqoji, filologiya, tərcümə və digər fakültələrdə imtahan prosesi ilə tanış olub, imtahan yazı otaqlarına baxış keçirib, tələbələrin fikirlərini, suallarını dinləyiblər.
BSU-nun fəaliyyət istiqamətləri, tədris prosesi, beynəlxalq əlaqələri, burada aparılan islahatlar və quruculuq işləri barədə məlumat verən N.Əliyeva universitetdə mayın 2-dən yaz imtahan sessiyasının başlandığını söyləyib.
Bildirilib ki, BSU-da 23 qrup üzrə imtahanlar keçirilir. İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilini, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə operativ qərargah, münaqişə komissiyası, eyni zamanda, “qaynar xətt” yaradılıb.
Qeyd edilib ki, qərargahın yaradılmasının məqsədi imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verməkdir. Vurğulanıb ki, imtahanlar zamanı münaqişəli məsələlər yerindəcə həll edilir. Tələbələr imtahanların nəticələrini www.tedris-bsu.org portalına daxil olmaqla öyrənə bilərlər.
Daha sonra jurnalistlər və ekspertlər operativ qərargahın fəaliyyəti ilə tanış olublar. Qərargahın rəhbəri, universitetin prorektoru Rafiq Novruzov buradakı iş rejimi barədə məlumat verib.
Monitorinq iştirakçıları universitetdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımi şəraitin yaradıldığını bildiriblər.