ELM VƏ TƏHSİL
“Media və təhsil dialoqu” mövzusunda konfrans
Bakı, 22 dekabr, Tərgül Ağayeva, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Bakı Ali Neft Məktəbində (BANM) Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin, media qurumların rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak ediblər.
Konfransda BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti ilə bağlı məlumat verib. Bu ali təhsil müəssisəsinin beynəlxalq standartlara cavab verən, ən müasir təlim və tədris texnologiyaları əsasında kadr hazırlığını həyata keçirdiyi bildirilib.
BANM-in KİV-lərlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edən rektor son dövrlərdə bu əlaqələrin daha da genişləndiyini diqqətə çatdırıb.
“Sosial mediada necə təqdim olunmalı?” mövzusunda keçirilən panel iclasında Bakı Dövlət Universitetinin (BDU) televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova “Sosial media “mediadırmı?” mövzusunda təqdimatla çıxış edib.
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı “Onlayn media: tezbazar, yoxsa...?” mövzusunda təqdimatında onlayn medianın problemləri və inkişafı barədə danışıb, media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu vurğulayıb.
Tədbirdə təhsil ekspertləri, BDU-nun professoru Şahlar Əsgərov, Almaniyada yaşayan azərbaycanlı alim Məsud Əfəndiyev və başqaları çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.