CƏMİYYƏT
Mehdiabad qəsəbəsində tullantıların idarə olunmasına cavabdeh şəxs cərimələnib
Bakı, 15 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət edib. Şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad Bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı orada formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.
Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad Bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün ona müddətli “məcburi göstəriş” verilib.