MƏDƏNİYYƏT
“Məhəbbət əfsanəsi” baletinin premyerası Böyük Teatr səhnəsində
Oktyabrın 23-də Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, professor Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, premyerada iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvaya gedəcək.
Bəstəkar Arif Məlikova böyük şöhrət qazandıran “Məhəbbət əfsanəsi” baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir. Əsər ilk dəfə 1961-ci ildə S.Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Mariinski Teatrı) tamaşaya qoyulub. Həmin tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq Artisti Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olub.
İndi isə uzun fasilədən sonra tamaşa bərpa edilərək yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunacaq. Y.Qriqoroviçin quruluşunda və S.Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiya Federasiyasının Əməkdar Artisti Pavel Sorokindir.