REGİONLAR
Məhəmməd Tağı Sidqi Azərbaycanda maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verib
Naxçıvan, 27 noyabr, Tural Kəngərli, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Məhəmməd Tağı Sidqi: həyatı və mühiti” adlı elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin, Naxçıvan Dövlət və Özəl universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Qeyd olunub ki, 1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə alıb, klassik Şərq poeziyasını və fəlsəfəsini öyrənib. Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaradıb, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoyub. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb edib, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilov bildirib ki, Məhəmməd Tağı Sidqi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm xidmətlər göstərən görkəmli maarifçi və yaradıcı şəxsiyyət idi. Məhəmməd Tağı Sidqinin ədəbiyyata gəldiyi illərdə Azərbaycanda maarifçilik hərəkatı özünün yüksək zirvəsinə qalxmışdı. Həmin dövrdə Naxçıvan inkişaf edən mərkəzlərdən biri idi. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Eynəlibəy Sultanov, Hacıağa Fəqir Ordubadi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əbülqasım Sultanov, Mirzə Cəlil Şürbi, Qüdsi Vənəndi və onlarla başqaları məhz həmin mühitin içərisindən çıxmış ziyalılar olublar. XIX əsrin 80-90-cı illərində Naxçıvan ədəbi mühitinin ağsaqqalı və müəllimi olmuş Məhəmməd Tağı Sidqinin çoxcəhətli fəaliyyəti klassik maarifçilərlə yeni maarifçi nəsil arasında varislik körpüsü funksiyasını yerinə yetirib.
Konfransda Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, professor Əsgər Qədimov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Xudiyev, Naxçıvan Özəl Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva məruzələrlə çıxış etdilər.