ELM VƏ TƏHSİL
Məhəmmədhüseyn Şəhriyarın irsi dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə XX yüzilliyin böyük şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilən “Məhəmmədhüseyn Şəhriyarın sənət dünyasının üfüqləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi imzalayıblar.
Konfransda AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığından söz açıb. O, M.Şəhriyarın Şərq dünyasının ədəbi-bədii fikrində özünəməxsus yaradıcılığı ilə böyük və şərəfli yer tutduğunu, qüdrətli söz ustadının ölməz irsinin dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu söyləyib.
Ümummilli lider Heydər Əliyevin Şəhriyar irsinə böyük rəğbət bəslədiyini qeyd edən İsa Həbibbəyli Ulu Öndərin şairin 90 illiyində imzaladığı Sərəncamın ona dövlət səviyyəsində göstərilən ehtiramın bariz nümunəsi olduğunu bildirib. Böyük öndərimiz Heydər Əliyevin müsahibələrinin birində “Sevdiyiniz şair?” sualına “Şəhriyar”, deyə cavab verdiyini xatırladan İsa Həbibbəyli Şəhriyar poeziyasını insanlara sevdirən, onu populyarlaşdıran, dillər əzbəri edən səbəbin ilk növbədə, onun şeirinin fikir zənginliyi, bədii saflığı və səmimiyyəti olduğunu söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, Şəhriyarın ana, Vətən, təbiət, məhəbbət, ayrılıq və sair mövzularda qələmə aldığı poetik nümunələr təkcə İranda deyil, bütün dürk dünyasında, o cümlədən Azərbaycanda dillər əzbəri olub. Alim ədəbi əlaqələrin genişlənməsində, Şəhriyarın yaradıcılığının daha dərindən öyrənilməsində, tədqiq və tədris edilməsində konfransın əhəmiyyətini vurğulayıb.
Akademik Azərbaycanda dahi şairin ədəbi yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən çeşidli elmi araşdırmaların aparıldığını qeyd edib, bundan sonra da söz ustadının poeziyası barədə bir çox elmi araşdırmaların aparılacağına, müxtəlif mövzularda əsərlərin yazılacağına, dəyərli tədqiqatların aparılacağına əminliyini bildirib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin XX əsrin böyük şairi Şəhriyarın Azərbaycan-İran poeziyasının və mədəniyyətinin inkişafında oynadığı müstəsna roldan söz açıb. Bildirilib ki, Şəhriyar Şərq poeziyasının nəhəng simalarından biri, qüdrətli söz ustadıdır. Onun ölməz irsi nəinki Şərq, o cümlədən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Azərbaycan-İran əlaqələrindən söz açan səfir iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib.
İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimi Şəhriyar yaradıcılığının zənginliyindən danışıb. Qeyd edib ki, M.Şəhriyar özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr verib.
Tədbirdə AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, professor Məhəmmədrza Purməhəmmədi, akademik Vasim Məmmədəliyev və digərləri böyük şairin həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonda M.Şəhriyarın həyat yolunu əks etdirən film və ustad şairin həyat və yardıcılığının müxtəlif dövrlərini əks etdirən slaydlar nümayiş olunub.