CƏMİYYƏT
Məhərrəm Qasımlı: Ölkəmizin bütün uğurları Ümummilli Liderin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır
Bakı, 10 may, AZƏRTAC
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ili tamam olur. Heydər Əliyevin xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında böyük xidmətləri olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı deyib.
“Ulu Öndər həmişə elm, təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət və qayğı göstərib. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanaraq tarixi şəxsiyyətə çevrilib. Ölkəmizin əldə olunan uğurları məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır”, - deyə M. Qasımlı bildirib.
M.Qasımlı əlavə edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti Vətənə və xalqa sonsuz bağlılıq hissinin parlaq nümunəsi olmaqla, mənəvi kamilliklə siyasi müdrikliyin bütövlüyünü təcəssüm etdirir. Böyük şəxsiyyətin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərindən respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verib.