CƏMİYYƏT
Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması və Aşura mərasimi ilə əlaqədar fətva verib.
AZƏRTAC xəbər verir ki, fətva QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə elan olunub. Dua oxunduqdan sonra şeyxülislam A.Paşazadə Aşura günü haqqında danışıb. Diqqətə çatdırılıb ki, din xadimlərinə və yerlərdə ibadətxanaların başçılarına Allahın kəlamını çatdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifə tapşırılıb. Həmin vəzifəyə ciddi yanaşmaq, diqqətli olmaq lazımdır. Qeyri-mütəşəkkil yürüşlər təşkil etmək, özünə əziyyət vermək, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil. Artıq uzun illərdir Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası təşkil edir. Şeyxülislam insanları bir çox xəstələrin həyatını xilas etməyə imkan verən bu nəcib ənənəni davam etdirməyə çağırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, Azərbaycanda dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyini bildirib.
Sonra QMİ Qazılar Şurasının fətvası oxunub. Fətvada bildirilir ki, Hicri təqvimi ilə yeni 1436-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabrın 26-na, Aşura günü isə noyabrın 4-nə təsadüf edir.
Fətvada Kərbəla şəhidlərinin xatirəsinin anıldığı matəm günləri ilə əlaqədar bütün dindarlara dərin hüznlə başsağlığı verilir, matəm mərasimlərini imam Hüseynin adına layiq şəkildə keçirmək tövsiyə olunur. Bildirilir ki, Aşura mərasimləri ictimai asayişə riayət edərək və dinin qanunlarına uyğun olaraq məscidlərdə, ibadət ocaqlarında keçirilməlidir.