CƏMİYYƏT
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair regional müşavirə keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi xeyli müasirləşib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilərək bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun infrastruktur yaradılır, müasirliyi və qabaqcıl İKT-nin tətbiqi ilə fərqlənən yeni məhkəmə bina və komplekslərinin inşası aparılır.
Bu yaxınlarda Azərbaycan Prezidenti yeni açılmış Şəki Məhkəmə Kompleksində keçirdiyi müşavirədə məhkəmə sisteminin inkişafı üzrə aparılan islahatları və görülən işləri müsbət qiymətləndirib, həmçinin məhkəmə fəaliyyətinin müasirləşdirilməsi və bu sahədə mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, qərarların ədalətliliyinin təmin edilməsi, qərəzli yanaşmanın yolverilməzliyi, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və insanlara layiqli xidmət göstərilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrlə əlaqədar Məhkəmə-Hüquq Şurasının Bakı və ətraf rayon məhkəmələri hakimlərinin, prokurorların, vəkillərin, ədliyyə işçilərinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilərək məhkəmə fəaliyyəti ilə bağlı mövcud nöqsan və çatışmazlıqlar ətraflı təhlil olunub, zəruri tədbirlər müəyyən edilib. İclasda, həmçinin ölkə rəhbərinin tapşırıqlarının respublikanın bütün hakimlərinin diqqətinə çatdırılması məqsədilə regional müşavirənin keçirilməsi qərara alınıb.
Bununla əlaqədar Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Şəki Məhkəmə Kompleksində regional müşavirə keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, Ali Məhkəmənin, Şəki, Şirvan, Gəncə apelyasiya və onların yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, ədliyyə işçiləri, vəkillər, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.
Müşavirədən öncə ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev ümummilli liderimiz Heydər Əliyevin Şəki şəhərində abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən məhkəmə-hüquq islahatının mütərəqqi nəticələrini vurğulayıb. Nazir məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdıraraq, mövcud problem və nöqsanların, xüsusilə korrupsiyaya şərait yaradan pozuntuların, süründürməçiliyin qətiyyətlə aradan qaldırılması, qeyri-etik davranış və digər mənfi halların yolverilməzliyini bildirib, fəaliyyətin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasının zəruriliyini qeyd edib.
Həmçinin məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasının, şəffaflığın və aşkarlığın genişləndirilməsinin, müasir İKT-lərin və elektron məhkəmənin tətbiqinin əhəmiyyəti bildirilib. İclasda ayrı-ayrı hakimlərin nöqsan və çatışmazlıqları diqqətə çatdırılaraq belə halların qətiyyətlə aradan qaldırılmasının vacibliyi, habelə işində dönüş yarada bilməyən hakimlərin fəaliyyəti qiymətləndirilməklə prinsipial tədbirlərin görüləcəyi vurğulanıb.
Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasınin, şəffaflığın artırılmasının, məhkəmə təcrübəsinə dönmədən əməl olunmasının vacibliyini qeyd edib, məhkəmələrin fəaliyyətində yol verilən xarakterik nöqsanlara və həmçinin korrupsiyaya şərait yaradan hallara toxunub.
Müşavirədə hakimlər, vəkillər və QHT nümayəndələri çıxış ediblər. Çıxışlarda texnoloji yeniliklərin tətbiqinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu qeyd olunub, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın genişləndirilməsi, mövcud nöqsanların aradan qaldırılması və s. barədə təkliflər irəli sürülüb.
Sonra tədbir işini “Məhkəmə təcrübəsi və elektron məhkəmənin tətbiqi məsələləri” mövzusunda seminarla davam etdirib.
Tədbirdən sonra iştirakçılar Şəki Məhkəmə Kompleksində yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri, habelə TÜRKSOY tərəfindən 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şəkinin mədəni-tarixi abidələri ilə tanış olublar.