CƏMİYYƏT
“Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi müzakirə edilib VİDEO
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi ilə bağlı növbəti müzakirələr aparılıb.
Komitənin sədri Əli Hüseynli qanun layihəsi haqqında məlumat verərək bildirib ki, son dövrlərdə məhkəmə hüququ islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsi, habelə məhkəmələrin hakimiyyətin bir qolu kimi cəmiyyət üçün daha açıq olması məsələləri daim gündəmdə olub. Eyni zamanda, bu sahədə problemlər də mövcuddur. Problemlərin bir çoxu məhkəmənin fəaliyyətinin spesifikliyi ilə bağlıdır. Məhkəmə orqanlarının fəaliyyəti, məhkəmə prosesi, onun haqqında informasiya əldə olunması cəmiyyət üçün nə qədər vacibdirsə, bu informasiyanın obyektiv olması da bir o qədər əhəmiyyətlidir. Əli Hüseynli bu sahədə mövcud olan bir sıra ziddiyyətli məsələlərin həlli üçün belə bir qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2009-cu ilin iyununda parlamentə daxil olan qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Sənəd məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etməyin əsas prinsiplərini, vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı hər hansı bir informasiya əldə etməsinin mümkünlüyünü və şəffaflığını tənzimləyəcək. Qanun layihəsində məhkəmələrin fəaliyyəti ilə bağlı informasiyanın əldə olunmasının təşkili, məlumatların verilmə forması, istifadəçilərin hüquqları, informasiya ilə təmin edilmə sahəsində əsas tələblər, arxiv fondları ilə tanışlıq, sorğu verilməsi, informasiyanın dərc edilməsi və digər bu kimi əsas prinsiplər əksini tapıb. Layihə iki oxunuşda Milli Məclisdə qəbul da olunub. Lakin həmin vaxt sənədin tətbiqi üçün məhkəmələrin maddi-texniki bazası tam hazır olmadığından layihənin üçüncü oxunuşda qəbulu müəyyən müddətə dayandırılıb.
Müzakirələrdə çıxış edən Ali Məhkəmənin sədr müavini Hikmət Mirzəyev və deputatlar qanun layihəsi barədə fikirlərini bildiriblər.
Qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.