CƏMİYYƏT


Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 452 kiloqramdan çox narkotik vasitə məhv edilib

Bakı, 5 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 452 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları iyulun 5-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunun ərazisində məhv edilib.

AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, 280 məhkəmə hökmü əsasında müsadirə edilən, barəsində məhvetmə qərarı çıxarılan 452 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr (264 kiloqram 997,22 qram marixuana, 49 kiloqram 773,026 qram heroin, 116 kiloqram 287,118 qram tiryək, 16 kiloqram 232,41 qram həşiş qətranı, 39,583 qram kokain, 5 kiloqram 62,68 qram xaş-xaş kütləsi və 57,883 qram 2979 ədəd psixotrop maddələr və o cümlədən 8703 ədəd çətənə bitkisi) yandırılaraq məhv edilib. Müsadirə olunan narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 12 milyon manat təşkil edir.

Qeyd olunub ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının işçi qrupu aidiyyəti qurumların əlaqələndirilməsini təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verir. Nəticədə birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib, narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə olunub.

Dövlət Komissiyasının işçi qrupu şəhər-rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktiki təlimlər keçirir və yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara fəaliyyətin səmərəliliyini artırmaq üçün metodik tövsiyələr verir. Belə ki, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması və narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması üçün Dövlət Komissiyasının işçi qrupu 2016-2017-ci illər ərzində respublikanın 50-dən çox şəhər və rayonunda seminar-müşavirələr keçirib, ümumilikdə 1300 təlimçi hazırlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.