CƏMİYYƏT
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 473 kiloqramdan çox narkotik vasitə məhv edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 473 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları dekabrın 14-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunun ərazisində məhv edilib.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, 199 məhkəmə hökmü əsasında müsadirə edilən, barəsində məhvetmə qərarı çıxarılan 473 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr (264 kiloqram 252,778 qram marixuana, 164 kiloqram 542,743 qram tiryək, 27 kiloqram 446,626 qram heroin, 16 kiloqram 542,743 qram həşiş qətranı, bir kiloqramdan artıq psixotrop maddələr və 2116 çətənə bitkisi) yandırılaraq məhv edilib. Müsadirə olunan narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 12 milyon manat təşkil edir.
Qeyd olunub ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının işçi qrupu aidiyyəti qurumların əlaqələndirilməsini təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verir. Nəticədə birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib, narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib.
Diqqətə çatdırılıb ki, cari ilin doqquz ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2628 fakt aşkar olunub. Bu müddətdə qanunsuz dövriyyədən 1 ton 962 kiloqram 680,957 qram müxtəlif növ narkotik vasitələr, o cümlədən 21 min 482 çətənə kolu müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 539 kiloqramdan çoxunu marixuana, 185,6 kiloqramını tiryək, 1 ton 172,5 kiloqramını heroin, 30,1 kiloqramını həşiş, 34,9 kiloqramını digərləri, 561 qramını isə psixotrop maddələr təşkil edib.
Həmçinin “Xaş-xaş 2016” şərti adı altında keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və ya yabanı halda bitmiş 146 ton 180 kiloqramadək narkotik tərkibli bitki yaşıl kütlə halında yığılaraq məhv edilib. Cinayət məsuliyyətinə cəlb edilən 1822 nəfərdən ümumilikdə 522 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.
Ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkomanlığın yayılmasına qarşı görülən işlər, əhali, xüsusən yeniyetmə və gənclər arasında antinarkotik təbliğat barədə mütəmadi olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi internet səhifəsində (nmdk.gov.az) məlumat verilir.