Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2017-ci ildə Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Ələsgər qızı Sadıqovanın anadan olmasının 100 illiyi tamam olur. 

Məhluqə xanım Sadıqova yarım əsrdən artıq dövr ərzində milli teatrın səhnəsində, eləcə də kinofilmlərdə çox sayda unudulmaz xarakterik obrazlar yaratmış və onların hər birinin özünəməxsus daxili aləmini bütün zənginliyi ilə dolğun şəkildə canlandırmışdır. Sənətkarın bədii qiraət ustası kimi uzun illər aparıcısı olduğu, geniş dinləyici auditoriyasına malik xalq yaradıcılığı “Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunu təşkil edən qiymətli nümunələrdəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli mədəniyyətin inkişafında xidmətlərini nəzərə alaraq görkəmli sənətkar Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin